Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun sağ cinah müdafiəçisi Faiq Hacıyev əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sol qasıq kanalında yırtıq diaqnozu qoyulmuş futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq, təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Faiq Hacıyev “Qəbələ”nin yetirməsidir. MOİK-də də oynamış müdafiəçi “Turan Tovuz”a 2021-ci ilin iyul ayında azad agent kimi qoşulub. O, cari mövsümdə meydana çıxdığı 18 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hacıyevin “Turan Tovuz”dakı ümumi statistikası belədir – 69 oyun, 3 qol və 5 məhsuldar ötürmə.
Azərbaycanın U-21 yığmasında da oynamış Faiq Hacıyevə hələ əsas millimizdə debüt etmək qismət olmayıb.




