Famil Xəlilov: “Cavab matçında risk etməliyik”

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasında Çempionlar yolunun 1-ci mərhələsi çərçivəsində keçirilən “Alkmaar”a (Niderland) qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Niderland və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz. Amma futbolçularımıza inanırdıq. Oyunun nəticəsindən asılı olmayaraq, komanda tapşırıqların müəyyən hissəsini yerinə yetirdi. Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı. Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir.

Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Niderland çempionunu Qəbələyə gətirməkdir”.

Xəlilov cavab oyunu barədə də fikirlərini açıqlayıb: “Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox.

Cavab görüşündə risk etməliyik. Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü oyunda da kifayət qədər qol epizodları yaratdıq”.