Futbol üzrə Əlcəzair yığmasının və Fransanın “Tuluza” klubunun gənc yarımmüdafiəçisi Fares Şaibi “Ayntraxt”a keçib.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Almaniya klubu ilə 5 illik müqaviləyə imza atıb.
Bundesliqa təmsilçisi bu transfer üçün Liqa 1 klubuna 10 milyon avro ödəyib.
Fares Şaibi “Tuluza”nın öz yetirməsidir. Sol cinah vingeri bu klubun əsas komandasında 43 oyuna 8 qol və 8 assistlə yadda qalıb.
“Tuluza”nın yapon hücumçusu Ado Onaivu isə “Oser”ə keçib. Əslən Nideriyadan olan 27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Tuluza” onun satışından cəmi 250 min avro qazanıb. Ado Onaivu “Tuluza”da 80 oyuna çıxıb, 14 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
“Ayntraxt” da bir neçə futbolçusu ilə vidalaşıb. Frankfurtlular sol cinah müdafiəçisi Kristofer Lensi Bundesliqanın digər təmsilçisi “Leypsiq”ə satıblar. “Ayntraxt” bu satışdan 1 milyon avro qazanıb. Alman müdafiəçi yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. O, daha öncə “Herta”, “Borussiya” (Mönhenqladbah), “Union Berlin”, “Holştayn Kil” kimi klubların da formasını geyinib.
“Ayntraxt”ın sol cinah vingeri Farid Alidu da “Köln”ə keçib. Əslən Toqodan olan 22 yaşlı almaniyalı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Hamburq”un yetirməsi olan Alidu “Ayntraxt”da 27 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
“Ayntraxt” xorvatiyalı hücumçusu İqor Matanoviçi də “Karlsrue”yə icarəyə verib. 20 yaşlı forvard da mövsümün sonuna kimi icarədə olacaq. “Ayntraxt”ın əsas komandasında oyun şansı qazanmamış futbolçu “Sankt Pauli”də də forma geyinib, Almaniya və Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.