Futbol üzrə Bosniya və Herseqovina yığma komandasının baş məşqçisi Faruk Hadjibegiç istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, federasiya rəhbərliyi ilə Hadjibegiç arasındakı görüş zamanı tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Faruk Hadjibegiç bu ilin yanvar ayında millinin baş məşqçisi təyin olunmuşdu. Onun istefasına komandanın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində uğursuz çıxış etməsi səbəb olub. Məsələ burasındadır ki, bosniyalılar seçmə mərhələdə keçirdikləri 4 oyundan üçündə məğlubiyyətə üzülüblər. Yalnız İslandiyanı doğma meydanda 3:0 məğlub etmiş Bosniya və Herseqovina yığması Lüksemburq və Slovakiyaya 0:2, Portuqaliyaya 0:3 hesablarıyla uduzub.
Xüsusilə Lüksemburqda doğma meydandakı məğlubiyyət azarkeşlərin kəskin narazılığına səbəb olub. Bu üzdən də federasiya rəhbərliyi yığmanın baş məşqçi postunda yenidən dəyişiklik etməyə qərar verib.
Hadjibegiç 1999-cu ildə də Bosniya və Herseqovina yığmasına rəhbərlik edib. Həmin vaxt komanda bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 7 oyundan 2 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.
Monteneqro yığmasına da rəhbərlik etmiş 65 yaşlı mütəxəssisin çalışdırdığı komandalar arasında aşağıdakı klublar var:
“Soşo”, “Betis”, “Trua”, “Qaziantepspor”, “Diyarbəkirspor”, “Dənizlispor”, “Nyor”, “Dijon”, “Bastiya”, “Arl-Avinyon”, “Valensyen”, “Srvena Zvezda”.


