Türkiyəli futbol mütəxəssisi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-Şabab” komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssislə “Əl-Şabab” arasındakı müqavilənin müddəti bitib. Tərəflər əməkdaşlığı davam etdirmək istəməyiblər.
Fatih Terim 2024-cü ilin sonundan “Əl-Şabab”a rəhbərlik edirdi. Türkiyəli mütəxəssis bu komandanı bütövlükdə 23 matça çıxarıb (12 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət). Sözügedən komanda geridə qalmış mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 60 xalla 6-cı yeri tutub.
Artıq “Əl-Şabab”ın yeni baş məşqçisi də məlumdur. Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçi vəzifəsinə ispaniyalı İmanol Alquasili gətirib. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İmanol Alquasilin son klubu “Real Sosyedad” olub. O, 2018-ci ilin dekabrından 2024/2025-ci illər mövsümünün sonunadək İspaniya təmsilçisinə rəhbərlik edib.