Fatih Terim Yunanıstan klubundan ayrıldı – Rəsmi

Yunanıstanın “Panatinaikos” komandasının baş məşqçisi, türkiyəli mütəxəssis Fatih Terim tutduğu postdan istefa verib.

Arena.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib. İstefaya komandanın cari mövsümün çempionu olmaq şansını itirməsi səbəb olub.

Xatırladaq ki, “Panatinaikos”un bu uğursuzluğu mənzərəsində Terim həm yunan azarkeşlər, həm də jurnalistlər tərəfindən tənqidlərlə üzləşirdi. Bu üzdən də o, sözügedən klubda qalmamağa qərar verib.

Fatih Terim 2023-cü ilin 26 dekabrından “Panatinaikos”a rəhbərlik edirdi. Türkiyəli mütəxəssis bu komandanı bütövlükdə 26 oyuna çıxarıb. Yunanıstan nəhəngi bu oyunlarda 14 qələbə qazanıb, 6 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

“Panatinaikos” Yunanıstan çempionatında hazırda 35 oyuna topladığı 71 xalla 4-cü pillədə qərarlaşıb. PAOK 77 xalla liderdir. Afina AEK-i 75 xalla 2-ci, “Olimpiakos” 73 xalla 3-cüdür.

“Panatinaikos” həm də Yunanıstan Kubokunun finalına yüksəlib. Bu komanda mayın 25-də finalda “Aris”lə qarşılaşacaq.