Fatih Terimi aldadıb, pul istədilər

Türkiyədə aralarında “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin də olduğu bir neçə tanınmış şəxs dələduzluqla üzləşib.

Arena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar ünlü insanlara telefonla zəng edərək özlərini vali və ya bələdiyyə sədri kimi təqdim ediblər.

Onlar imkanlı şəxslərdən xeyriyyə məqsədilə pul istəyiblər. Ötən ilin dekabrından bu ilin fevral ayına qədər davam edən bu cür müraciətlər müəyyən şübhələrə yol açdığından, işə polis qarışıb. Araşdırmalar nəticəsində məlum olub ki, ünlülərdən istədikləri pulu əlil arabalarının alınması, leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün xərclənəciyini bildirən bu şəxslər əslində dələduzlardır. Bu üzdən də yerli polis eyni gündə – fevralın 27-də əməliyyat keçirməklə beş şübhəli şəxsi saxlayıb. Onlardan üçü ifadə verdikdən sonra sərbəst buraxılıb. İki nəfər isə həbs olunub və məhkəməyə verilib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, dələduzlar azı 16 nəfərdən belə maddi dəstək istəyiblər. Bu yolla onlar müraciət etdikləri adamlardan 11-ni aldada və bütövlükdə 41 min 500 TL məbləğində vəsait əldə ediblər. Amma işin izinə düşən polislər həmin hesablara blok qoymaqla cinayətkarların istəklərinə çatmasına imkan verməyib.