Fazil Mustafa Azərbaycan millisini tənqid etdi

Milli Məclisin deputatı Fazil Mustafa futbol üzrə Azərbaycan milli komandasının sərgilədiyi oyunu tənqid edib.

Arena.az xəbər verir ki, milli komandamız ötən gecə AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya yığması ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçdan sonra deputat Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib. O, milli komandanı ruhsuz və iradəsiz adlandırıb:

“Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi. Şükür, heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda…

Meydançada oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da, tamaşaçı fədakarlığını alqışlayacaq.

Canni De Byazinin boynuna atmağa çalışmayın. Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər, “ay-ulduzlular” Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heçə üçün sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır”.