“İnter”in və İtaliya yığmasının müdafiəçisi Federiko Dimarko rəğbət bəslədiyi cari futbolçunun adını çəkməklə gündəmə düşüb.
Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, Dimarko “neradzurri”nin əzəli rəqibi “Milan”ın fransız sol cinah müdafiəçisi Teo Ernandesin adını çəkib:
“Əvvəllər sevdiyim çoxlu keçmiş oyunçular var. Amma indiki futbolçular da var ki, onları da qiymətləndirirəm, bunu isə gizlətmirəm. Ola bilər ki, buna görə məni tənqid etsinlər, söysünlər, amma mən Teo Ernandesin bir oyunçu kimi həqiqətən pərəstişkarıyam, baxmayaraq ki, o, “Milan”da oynayır.
Başqa komandalardan da çox bəyəndiyim futbolçular var. Məsələn, Roberto Karlos. “İnter”də oynadığı vaxtdan bəri, sevimli oyunçum Maksveldir (Maksvell). Məni ruhlandıran da məhz belə oyunçulardır”, deyə Dimarko bildirib.
Sol cinah müdafiəçisi Federiko Dimarko “İnter”in yetirməsidir. Federiko 2016-cı ildən müxtəlif illərdə “Askoli”, “Empoli”, “Syon”, “Parma”, “Verona”da icardə və ya geri satınalma şərtləri əsasında çıxış edib. İtalyan müdafiəçi bu illər ərzində xeyli tərəqqi edərək, nəhayət 2021-ci ilin iyununda “Verona”dan icarədən qayıdıb və “neradzurri”nin heyətində yerini möhkəmlədib. Dimarkonun “neradzurri” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dimarko “İnter”in heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Dimarkonun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 146 oyun, 15 qol, 24 məhsuldar ötürmə.
Dimarko “İnter”lə İtaliya A Seriyasının və İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun (3 dəfə) qalibi olub.
Federiko Dimarko 2022-ci ilin iyununda dübüt etdiyi İtaliya yığmasının heyətində 26 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan sol cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.