“Liverpul”un yeni futbolçusu, italyan vinger Federiko Kyeza “Yuventus”dan ayrılması ilə bağlı qərarını şərh edib.
Arena.az italyan futbolçunun bu barədə fikrini təqdim edir:
“Yuventus”la müqaviləmin müddətinin uzadılması məsələsinə aydınlıq gətirmək istərdim. Mən heç vaxt “Yuventus”dan mümkün uzatmalarla bağlı heç bir təklif almamışam. Hələ təlim-məşq toplanışı başlamamış komandada olmayacağım barədə mənə məlumat vermişdilər”, deyə Kyeza vurğulayıb.
Kyeza “Liverpul”a avqustun 28-də qoşulub. Transfer məbləği ilkin ödəniş və əlavə müavinətlərlə birlikdə 13 milyon avro məbləğ təşkil edib. Daha əvvəl, 4 illik müqaviləyə əsasən hücumçunun “Liverpul”dakı maaşının ildə 5 milyon avro məbləğində olacağı bildirilmişdi.
Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan vingeri əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.
Federiko Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədəydi.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kyeza “Yuventus”un heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Kyezanın “byankoneri”nin heyətində ümumi çıxışının mənzərəsi isə belədir: 131 oyun, 32 qol, 23 məhsuldar ötürmə.
Federiko Kyeza 2018-ci ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


