“Liverpul”un italiyan cinah hücumçusu Federiko Kyeza “qırmızılar”ın 2024/2025 mövsümünün əvvəlindəki nəticələri barədə danışıb.
Arena.az xatırladır ki, “Liverpul” İngiltərə Premyer Liqasında keçirdiyi 5 oyunun 4-də qalib gəlib, yalnız “Nottingem Forest”ə uduzub.
“Bəli, mövsümə yaxşı başladıq, amma Premyer Liqa çətin yarışdır. Bundan əlavə, UEFA Çempionlar Liqasında oynayırıq. Bu yaxınlarda “Milan”ı məğlub etdik, həftəsonu isə Premyer Liqada “Bornmut”a qalib gəldik. Hər iki yarışda yaxşı çıxış edə biləcəyimizi göstərdik”, deyə italyan futbolçu bildirib.
Xatırladaq ki, Kyeza “Liverpul”a avqustun 28-də qoşulub. Transfer məbləği ilkin ödəniş və əlavə müavinətlərlə birlikdə 13 milyon avro məbləğ təşkil edib. 4 illik müqaviləyə əsasən hücumçunun “Liverpul”dakı maaşının ildə 5 milyon avro məbləğində olacağı bildirilir.
Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan vingeri əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.
Kyeza “Liverpul”un heyətində hələlik 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Federiko Kyeza 2018-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


