Federiko Kyeza sevgilisinə evlilik təklif etdi

İtaliya millisinin və “Yuventus”un sol cinah vingeri Federiko Kyeza sevgilisi Lusiya Bramaniyə üzük hədiyyə edərək, evlilik təklifi edib.

Arena.az məlumat verir ki, sevgilisinin hədiyyəni qəbul edərək razılaşdığını bildirmək üçün Kyeza özünün sosial şəbəkə hesabı üzərindən sevgilisi ilə birlikdə şəklini paylaşıb və “O, hə, dedi”, yazısı ilə dərc edib.

Şəkildən göründüyü kimi, xanım Bramani artıq üzüyünü də barmağına taxıb.

Cütlük 2023-cü ilin yayında 2 illik münasibətini qeyd edib. Kyeza bu günlərdə xanıma evlilik təklifi ilə müraciət etməyə qərar verib.

Lusiya Bramaninin 23 yaşı var və xanım model fəaliyyəti ilə məşğul olur.

“Fiorentina”nın yetirməsi olan Federiko Kyeza 2020-ci ilin oktyabrından “Yuventus”da çıxış edir. O, Turin klubunun heyətində indiyə qədər 109 oyuna çıxıb, 27 qol vurub, 22 məhsuldar ötürmə verib. İtalyan vinger 2020/2021 mövsümündə “Yuventus”la İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.

Kyeza 2018-ci ildə debüt etdiyi İtaliya yığmasının heyətində 44 oyun keçirib, 7 qol vurub, 7 məhsuldar ötürmə verib. Vinger “skuadra adzurra” ilə 2020 Avropa çempionatını qazanıb. İtalyan vingerin həmçinin UEFA Millətlər Liqasında iki “bürünc”ü var (2020/2021 və 2022/2023).

Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Kyezanı 45 milyon avro məbləğində qiymətləndirir.