Federiko Valverde: “Onların özünü müdafiə etməyə ehtiyacı yoxdur”

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde “qaymaqlılar”ın ulduz hücumçuları üçün müdafiədə işləməyə hazır olduğunu bildirib.

Arena.az “Marca” nəşrinə istinadən, uruqvaylı futbolçunun bu barədə fikrini təqdim edir:

“Elə oyunçular var ki, onların özünü müdafiə etməyə ehtiyacı yoxdur. Şəxsən mən hücumçularımızın arxasınca qaçmağın əleyhinə deyiləm ki, onlar da bundan yararlana bilsinlər. Hücum oyunçularının vaxtaşırı bizə kömək etməsi əladır. Amma müdafiəçilərlə bağlı vəziyyət də oxşardır: heç kim onlardan 90 dəqiqə boyu sərasər hücuma keçəcəklərini gözləmir”, deyə Valverde bildirib.

Xatırladaq ki, “Real”ın düşərgəsində avstriyalı sol cinah müdafiəçisi David Alaba, ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal, braziliyalı mərkəz müdafiəçisi Eder Militao kimi aparıcı oyunçular zədəlidirlər.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 12 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 270 oyun, 24 qol, 35 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 64 oyun keçirib, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverdenin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın