Federiko Valverde: “Real”ın kapitanı olmaq böyük şərəfdir”

“Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde “qaymaqlılar”ın kapitan sarğısı haqda söhbət açıb.

Arena.az uruqvaylı futbolçunun bu barədə fikrini təqdim edir:

“Real”ın kapitanı olmaq – böyük şərəf, nəhəng qürurdur. Bu, həmçinin xoş bir təzyiqdir. Mən bütün kapitanlardan öyrənməyə davam edirəm ki, gündən günə daha da artıq hörmət qazanmaq imkanım olsun”, deyə “Fede” vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “Kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 298 oyun, 29 qol, 28 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 67 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın