DÇ-2022-dən sonra Qətər milli komandasından ayrılan Feliks Sançes Ekvador yığmasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
İspaniyadan olan 47 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Tərəflər arasındakı sözləşmə DÇ-2026-ya (2026-cı ilin 31 mayına) qədər nəzərdə tutulub. Onun qarşısına bu yığmanı məhz DÇ-2026-ya çıxarmaq hədəfi qoyulub.
Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib. Argentinadan olan 60 yaşlı mütəxəssis 2020-ci ildən çalışdırdığı bu yığmadan 2023-cü ilin yanvar ayında istefaya göndərilmişdi.
Feliks Sançes isə Qətər yığmasına 2017-ci ildən rəhbərlik edirdi. O, 2022-ci ilin dekabrında yollarını ayırdığı bu komandanı 75 oyuna çıxarıb. Komanda bu matçlarda 37 qələbə qazanıb, 13 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb. Feliks daha öncə Qətərdə U-19, U-20 və U-23 yığmalarına da rəhbərlik edib.


