Felipe Melo “Fluminense”dən ayrıldı

Dünya futbolunun “pitbulteryer”i, “qara-qura işlər ustası”, braziliyalı dayaq yarımmüdafiəçisi Felipe Melo “Fluminense”dən ayrılıb.

Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Melo qarşıdakı qısa qış tətili müddətində həm futbol və həm də futboldankənar həyatını götür-qoy etmək niyyətindədir.

Felipe Melo “Flamenqo”nun yetirməsidir. “Pitbul”, karyerası ərzində “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq” (Santander), “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter”, “Palmeyras” və “Fluminense”də çıxış edib.

Klub səviyyəsində 800 oyun keçirmiş Felipe Melo 62 qol və 24 məhsudlar ötürmə ilə yadda qalıb. Çoxyönlü, texniki baxımdan istedadlı, fərdi baxımdan bacarıqlı, fiziki baxımdan güc-qüvvətli olan Felipe Melonun meydanda sözün həqiqi mənasında adamlıqdan payı olmayıb. “Dayaqçı”nın kobud, sərt, dağıdıcı oyununa gözdən oğurlanaraq badalaqgəlmə, “saman altından su yeritmə”, meydandankənar təxribatları da əlavə etsək, Felipe Melonun nədən “quduz it” kimi tanındığı aydınlaşır. Felipe Melo klub səviyyəsində 259 sarı vərəqə alıb ki, bunlardan 10-u toplanaraq, qırmızı vərəqəyə çevrilib. Üstəlik, Melo 16 dəfə meydandan birbaşa qovulub.

Braziliya millisinin heyətində Felipe Melo 2009-cu ilin fevral ayında debüt edib. 22 oyun, 2 qol və 1 məhsudlar ötürmə mənzərəsində 7 sarı və 2 birbaşa qırmızı vərəqə Felipe Melonun “selesao”ya xidmətidir. Üstəlik, qırmızı vərəqələrin sonuncusu 2010-ci ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatına, “Pitbul”un “selesao”nun heyətində son oyununa təsadüf edir. Bu oyunda Felipe Melonun ikiqat “qəhrəmanlığı” Braziliya millisinin yarışın 1/4 finalında Niderland yığmasına 1:2 hesablı məğlubiyyəti ilə nəticələnmişdi. Həmin oyunda əvvəlcə, meydanın dərinliyində uzaq məsafədən komanda yoldaşı Robinyoya məhsuldar ötürmə vermiş Felipe Melo, sonra topu başla öz qapısına göndərməklə, hesabı bərabarləşdirmişdi. Ardınca isə hesab 1:2 rəqibin xeyrinə ikən, Felipe Melo rəqibin cinah hücumçusu Aryen Robbeni ayaqları altına salıb tapdalayaraq, meydandan qovulmuşdu. Bununla da Braziliya millisinin qapısı “İt”in üzünə birdəfəlik bağlanmışdı.

Sonralar Melo bu kobudluğuna görə özünü çox qınamış, belə bir yolverilməz “qəhrəmanlığı” məhz bu oyunda heç zaman etmək istəmədiyi vurğulayaraq, göz yaşları axıtmışdı, amma…

“Futbol olmasaydı, mən qatil olardım”

Felipe Melonun qənimətlər muzeyi kifayət qədər zəngindir: “Kruzeyro” və “Palmeyras”la Braziliya çempionluğu və Braziliya Kuboku, “Palmeyras” (2 dəfə) və “Fluminense” ilə Libertadores Kuboku, “Fluminense” ilə Cənubiamerikan Rekopası, “Qalatasaray”la Türkiyə çempionluğu (3 dəfə), Türkiyə Kuboku (2 dəfə) və Türkiyə Super Kuboku (3 dəfə).

Braziliya millisi ilə isə Felipe Melo 2009-cu il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” Melonun transfer dəyərini 100 min avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Felipe Melo XXI əsrdə ən sərt, ən kobud, ən çirkin futbolçu olaraq “şahənşah”dır. Felipe Melonunu yanında Pepe, Marko Materatsi, Serxio Ramos, Zlatan İbrahimoviç, Luis Suares, Mark van Bommel, Cennaro Qattuzo, Vinni Cons, Erik Kantona kimi adlar zəirflik nümunələridir.

Müsahibələrinin birində Felipe Melo belə “adamlıqdankənar” oyun üslubuna, yolverilməz tərzinə və meydanda dəli-dolu, başıpozuq fəlaiyyətinə dair sualı cavablayaraq demişdi:

“Futbol olmasaydı, mən qatil olardım. Mən Braziliyanın ən təhlükəli favelalarından birində yaşayırdım. Narkotiklərin və silahların içində. Mən məşqə gedə bilərdim, qayıdanda isə hər hansı bir dostumun öldürüldüyündən xəbərdar olaradım. Mən futbol dünyası ilə cinayət dünyası arasında seçim etdim. Amma mən bu həyatı xəyalım uğrunda mübarizə aparmaq üçün tərk etdim. Futbol olmasaydı, mən qatil olardım. Ona görə də indi mən heç kimdən qorxmuram”.

Felipe Melo hesab edir ki, adının bədnam olub pis çıxmasına səbəb mətbuatdakı ikili yanaşmalardır:

“Mən karyeramda meydanda cəmi bircə dəfə dava-dalaş salmışam. Amma mətbuat bütün bunları mütənasib surətdə şişirdib ortaya atdı. İndi Melo kobudluq astanasında topu rəqibdən alan oyunçu ilə deyil, o, yalnız zorakılıqla əlaqələndirilir”, deyə Melo “məsumluğunu” car çəkib.

Hazırda 41 yaşlı dəli-dolu Felipe Melo mərkəz müdafiəçisi mövqeyində, xüsusilə meydanın ən dərinliyində sərbəst müdafiəçi – “zibilyığan” kimi çıxış etməyə üstünlük verir. Görünür, “qoca qurd” bu mövqedə daha karagələn olacağı qənaətindədir.

Xəbəri istədiklərinizlə paylaşın