“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Kubokunu qazanmaları ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.
Arena.az xəbər verir ki, 26 yaşlı sol cinah vingeri qazandıqları uğura görə xoşbəxt olduğunu bildirib:
“Mövsüm ərzində çox çalışdıq, meydanda bütün gücümüzü ortaya qoyduq. Xoşbəxtlikdən məqsədimizə çatdıq. Fədakarlığımızın bəhrəsini gördük. Titul qazanmaq üçün nələr çəkdiyimizi yalnız özümüz bilirik. Amma əldə edilən nəticələrə layiq idik.
Həm Azərbaycan Kubokunun qazanılmasına, həm də komandaya müsbət töhfə verməkdən çox məmnunam. Güclü, balanslı heyətimiz var. Bu mövsüm böyük klublarla mübarizə apardıq. Bizim üçün parlaq mövsüm oldu. Həm kuboku, həm də avrokuboklara vəsiqəni qazanmağa layiq idik”.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Komanda Azərbaycan Premyer Liqasında da 4-cü yeri tutub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.
Felipe Santos 2022-ci ilin iyul ayından “Qəbələ”də çıxış edir. O, geridə qalan mövsümdə meydana çıxdığı 43 oyunda 6 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu “Qəbələ”dən öncə “Şamaxı”nın da uğurları üçün çalışıb – 26 oyun, 7 qol, 5 assist. Onun formasını geyindiyi komandalar arasında “Maribor” və “Ankaran” da var.