Vaxtilə Azərbaycanda “Şamaxı” və “Qəbələ”nin də formasını geyinmiş Felipe Santos bundan sonra “Araz-Naxçıvan”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətini də komplekləşdirmək istiqamətində çalışmalarını davam etdirir. Komandanın növbəti transferi Felipe Santosdur. Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.
Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun sonuncu iş yeri İsrailin “Hapoel” (Hayfa) klubu olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. Braziliyalı ölkəmizdə əvvəlcə “Şamaxı”nın formasını geyinib. Daha sonra o, “Qəbələ”nin qələbələri üçün çalışıb. Santos ötən ilin yayında məhz “Qəbələ”dən ayrılaraq “Hapoel”ə üz tutmuşdu.
“Araz-Naxçıvan” daha öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”), Karlos Jatoba (“Politexnika”, Rumıniya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”) və Bernardo Oliveyra Diası (“Unian Torreense”, Portuqaliya) da heyətinə qatmışdı.
Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə də yeni müqavilə imzalanıb.
Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə Naxçıvan təmsilçisindən ayrılıblar.