Fermin Lopes yenidən sıradan çıxdı

Futbol üzrə İspaniya yığmasının və “Barselona”nın 21 yaşlı mərkəz yarımmüdafiəçisi Fermin Lopes yenidən zədələnib.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Gənc yarımmüdafiəçi məşq zamanı bud nahiyəsindən zədə alıb. Bu üzdən də o, daha 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Lopes daha əvvəl zədə ucbatından La Liqada “Jirona” və “Vilyarreal”la oyunları buraxmışdı.

Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 45 oyuna çıxıb, 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığmasında forma geyinir. O, bu komandanın heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.