Fermin Lopes zədəsini sağaltdı

Futbol üzrə İspaniya yığmasının və “Barselona”nın 21 yaşlı mərkəz yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldaraq sıraya dönüb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Onun qarşıdakı oyunlarda iştirakı məşqçilər korpusunun qərarından asılı olacaq.

“Barselona” İspaniya çempionatında növbəti görüşünü oktyabrın 20-də “Sevilya” komandasına qarşı keçirəcək.

Xatırladaq ki, Lopes sentyabrın əvvəlində İspaniyanın gənclərdən ibarət yığmasının düşərgəsində bud əzələsini zədələmişdi.

Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 45 oyuna çıxıb, 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə cəmi 3 oyuna çıxıb.

Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığmasında forma geyinir. O, bu komandanın heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın