2023-cü il iyulun 5-dən Braziliya millisinin baş məşqçisi vəzifəsini icra etmiş Fernando Dinis vəzifədən azad edilib.
Arena.az bu barədə Braziliyanın nüfuzlu “Globo Esporte” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Dinisin Braziliya millisinin müvəqqəti baş məşqçisi vəzifəsindən azad edilməsi ilə bağlı qərarı Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges verib. CBF prezidenti Dinisə bildirib ki, milli komandanın baş məşqçisi məsələsi haqda çözümü daimi mütəxəssisin təyinatı ilə həyata keçirmək istəyir.
Vurğulanır ki, Dinisə bu qərarla bağlı məlumat verməzdən əvvəl Rodriges həm də mütəxəssisin “Fluminense”nin baş məşqçisi olduğu nəzərə alaraq, bu haqda klubun prezidenti Mario Bittenkuru məlumatlandırıb.
Xatırladaq ki, Fernando Diniz 2023-cü ilin iyul ayından Braziliya millisinə rəhbərlik edirdi. 49 yaşlı braziliyalı mütəxəssisin rəhbərliyi altında “pentakampeonlar” 6 oyun keçiriblər. Bu oyunların hamısı 2026-cı il dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Bu oyunlarda Braziliya millisi 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyət alıb.
Hazırda CBF milli komandada köklü islahatları nəzərdə keçirir.