Bu qış fasiləsində İspaniyanın “Sevilya” klubundan ayrılan braziliyalı yarımmüdafiəçi Fernando Rejes özünə yeni komanda tapıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonra “İnternasyonal” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Braziliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər arasında müddəti 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Rejes “Sevilya”dan yanvarın 10-da azad agent kimi ayrılmışdı. 36 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu diqqətə çatdırılmışdı. Təcrübəli oyunçunun şəxsi səbəblərlə əlaqədar bu klubdan ayrılmağa qərar verdiyi və Braziliyaya qayıtmağa hazırlaşdığı bildirilirdi. O, “İnternasyonal”a keçənə qədər yetirməsi olduğu “Vila Nova” klubunda hazırlaşırdı.
Fernando Rejes 2019-cu ilin yayından “Sevilya”da çıxış edirdi. O, həmin vaxt Türkiyənin “Qalatasaray” klubundan 4,5 milyon avro qarşılığında transfer edilmişdi. Təcrübəli futbolçu sözügedən komandanın heyətində bütövlükdə 167 matça çıxıb. Braziliyalı yarımmüdafiəçi bu görüşlərdə 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Dayaq yarımmüdafiəçisi olan Rejes daha öncə “Vila Nova”, “Portu”, “Estrela Amadora”, “Mançester Siti” və “Qalatasaray”da da forma geyinib.