Fernando Santos Azərbaycan millisində – Rəsmi

Portuqaliyadan olan təcrübəli futbol mütəxəssisi Fernando Santos Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernando Santosun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.

Bu xüsusda Fernando Santosun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Xatırladaq ki, Fernando Santosun sonuncu iş yeri Türkiyənin “Beşiktaş” komandası olub. O, “qara qartallar”ı bu ilin yanvarında qəbul etmiş və apreldə istefaya göndərilmişdi.

Santos vaxtilə “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda da işləyib.

Fernando Santos daha öncə Yunanıstan, Polşa və Portuqaliya yığmalarının da baş məşqçisi olub. O, xüsusilə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib. Santos bu komnda ilə 2017 Konfederasiyalar Kubokunda da bürünc medal qazanıb.