Fernando Santos “Beşiktaş”la erkən vidalaşacaq

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Beşiktaş”da baş məşqçi Fernando Santos yayda klubdan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Santos komandanın son oyunlardakı uğursuz nəticələrinə görə əsas tənqid hədəfinə çevrilib. “Qara qartallar” portuqal məşqçinin rəhbərliyi altında keçirdiyi son 4 oyunda 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Sabah”ın xəbərinə görə, 69 yaşlı baş məşqçi mövsümün sonunda İstanbul klubundan ayrılacaq. 2025-ci ilin yayına qədər olan müqaviləyə vaxtından əvvəl xitam veriləcək. “Ağ-qaralar” portuqal mütəxəssisə 500 min avro təzminat ödəyəcəklər.

Xatırladaq ki, Fernando Santos bu ilin yanvar ayından “Beşiktaş”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında keçirdiyi 15 oyunda komanda 7 qələbə qazansa da, 3 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Santos “Beşiktaş”dan əvvəl “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi komandaların da baş məşqçisi olub. O, həmçinin Yunanıstan, Portuqaliya və Polşa milli komandalarını çalışıdırıb. Təcrübəli mütəxəssis xüsusilə Portuqaliya yığmasında daha böyük uğurlara imza atıb. O, bu komanda ilə AÇ-2016-da, UEFA Millətlər Liqasının 2019 mövsümündə çempionluğu bayram edib, həmçinin 2017-ci ildə Konfederasiyalar Kubokunda bürünc medal qazanıb.

Yeri gəlmişkən qeyd edək ki, artıq “Beşiktaş”da baş məşqçi postuna namizədlərin siyahısı da məlumdur. Yerli mətbuatın iddiasına görə, “ağ-qaralar” bu postu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Dortmund “Borussiya”sının çalışdırıcısı Edin Terziç və ya “Antalyaspor”a rəhbərik edən Sərgən Yalçından birinə tapşırmaq arzusundadır. Xüsusilə Sərgən Yalçın 2020/2021 mövsümündə “Beşiktaş”a rəhbərlik edib. 51 yaşlı mütəxəssis bu komandya Türkiyə Super Liqasını və ölkə kubokunu qazandırıb.

“Beşiktaş” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 31 oyunda 14 qələbə qazanıb, 5 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Komanda 47 xalla 4-cü pillədə qərarlaşıb.

Bahar Rüstəmzadə