Fernando Santos Polşa millisində! – RƏSMİ

2022-ci ilin dekabr ayında futbol üzrə Portuqaliya milli komandasının baş məşqçi postundan ayrılan Fernando Santos özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 68 yaşlı mütəxəssis bundan sonra Polşa milli komandasına rəhbərlik edəcək.

Bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Təcrübəli məşqçinin AÇ-2024 və DÇ-2026-da bu ölkənin yığmasına rəhbərlik edəcəyi açıqlanıb. Bir sözlə, tərəflər azı 3 illik müqaviləyə imza atıblar. Santos Polşa yığmasında ötən ilin sonunda istefaya göndərilmiş Çeslav Mixneviçi əvəz edib. Hansı ki, onun rəhbərlik etdiyi milli komanda Qətərdəki dünya çempionatının 1/8 finalında Fransaya 1:3 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı.

Santos özü də Portuqaliya yığmasından ötən ay məhz Qətərdəki mundialın ardından ayrılıb. Onunla da müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi. Halbuki, Santosun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. Amma DÇ-2022-nin 1/4 finalında Mərakeşə məğlubiyyət 8 il idi bu komandanı çalışdıran təcrübəli mütəxəssisə bağışlanmamışdı.

Xatırladaq ki, Fernandos Santos 2014-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 109 oyuna çıxıb. Portuqaliya millisi bu görüşlərdə 67 qələbə qazanıb, 23 heç-heçəyə nail olub, 19 görüşdə isə məğlubiyyətə üzülüb. Santoslu Portuqaliya millisi AÇ-2016-nın və 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Portuqaliyadan olan mütəxəssis daha öncə Yunanıstan yığmasının da baş məşqçisi olub. O, həmçinin “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda işləyib.