Fernano Santos: “Milli üzvləri mənim nə istədiyimi bilir”

Futbol üzrə Azərbaycan milli komandasını baş məşqçisi Fernando Santos Estoniyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah Estoniya yığmasının qonağı olacaq.

Bu oyundan öncə baş məşqçi Fernando Santosla millimizin üzvü Abbas Hüseynov Tallində təşkil olunmuş mətbuat konfransında iştirak ediblər.

Bu gün 70 illik yubileyini qeyd edən portuqaliyalı mütəxəssis əvvəlcə bunları söyləyib:

“Bu gün mənim doğum günümdür. Ad günümü təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm. Kifayət qədər böyük karyeram var. Futbol oynamışam, indi isə məşqçilik edirəm. Dayanmaq fikrim yoxdur. Mənə işləməyimdə motivasiya verən səbəblər çoxdur. Azərbaycan gözəl ölkədir və burada çalışmaqdan məmnunam. Səbəblərdən biri də AFFA-nın prezidenti və qurumdakı insanlarla əlaqə saxladığım zaman burada futbola böyük marağın olmasını görməyim oldu”.

Fernando Santos Estoniya ilə matçdan gözləntilərini də açıqlayıb:

“Estoniyanın Azərbaycanla hər iki oyununu izləmişəm. Bu il Slovakiya ilə yaxşı oynayıblar. Biz hücumda oynamağa üstünlük veririk. Sabah da ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. Sabah oyunda penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm. Amma bunu açıqlamaq istəmirəm. Emin Mahmudovun əhvalı yaxşıdır. O bizim üçün vacib oyunçudur. Mənim üçün bütün oyunçular vacibdir”.

Baş məşqçi sabaklı matçla bağlı planlarını açıqlamaq istəməyib:

“Hansı sxemdə meydana çıxacağımız önəmli deyil. Oyun vaxtı bu sxemlər dəyişir. Müxtəlif taktikalar var. Sürpriz nəsə yoxdur. Əsas odur oyunda dinamika olsun. Mənim komandam mənim nə istədiyimi bilir. Öz hədəflərimizə çatacağıq. Estoniyanın zəif olduğunu deməzdim. Estonlar hücumda oynayacaq, mən də komandama tapşırmışam, qorxub geriyə çəkinməyin. Mənim üçün zəif rəqib yoxdur, istər Portuqaliya olsun, istər Estoniya. Biz öz yolumuzla getmək istəyirik”.

“Formaya düşmək üçün əlimdən gələni edirəm”

Abbas Hüseynov isə qarşıdakı matçla bağlı bunları dilə gətirib:

“Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Vətənə 3 xalla dönəcəyimizə inanıram. Özüm isə ağır zədədən sonra optimal forma yığmağa çalışıram. Əvvəlkindən də yaxşı formaya düşmək üçün əlimdən gələni edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: