“Barselona”nın sağ cinah hücumçusu Ferran Torres sosial şəbəkələrdə təhqirlərə məruz qalıb, ünvanına xoşagəlməz ifadələr yağdırılıb.
Arena.az məlumat verir ki, xoşagəlməz hadisə “Barselona”nın İspaniya La Liqasının 8-ci turu çərçivəsində səfər oyununda “Osasuna”ya gözlənilmədən 2:4 hesabı ilə məğlub olmasından sonra yaşanıb.
Hiddətini yağdırmaq üçün “blauqrana” azarkeşləri “qurbanlıq” qismində Ferran Torresi hədəfə alıblar. Azarkeşlərin “təhqir xonça”sından Torresin ünvanına səslənmiş ifadələrin mətbuat səhifələrində dərc edilməsi az-çox keçərli olan nümunələrini oxucularımızın diqqətinə çatdırırq:
– Klubdan izal olmaq vaxtın gəlib-çatıb ha!;
– Tanrı haqqı, nənəm səndən yaxşı futbol oynayır;
– Kişilər, bu çolağı rədd edin!;
– Ferran, get də, sürüş!;
– Vay-haray, sən nə gündəsən, xəcalət!
– Ferran, həqiqətən də “Barsa”nı sevirsənsə, özün get!
Vurğulayaq ki, müvafiq ifadələr el arasına çıxarılması mümkün, hələ abırlı ifadələridir, qalanını anlamağı oxucularımızın xəyal gücünə təslim edirik.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Torres “blauqrana”nın heyətində 8 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 121 oyun, 26 qol, 15 məhsuldar ötürmə.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.
Torres bu il İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Torres yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.



