Ferran Torres yenə sıradan çıxdı

Futbol üzrə İspaniya yığmasının və “Barselona” komandasının hücumçusu Ferran Torres növbəti dəfə zədələnərək sıradan çıxıb.

Arena.az xəbər verir ki, ispaniyalı futbolçu yenə əzələ zədəsi ilə üzləşib.

Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məşq zamanı zədələnən vingerin yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

Xatırladaq ki, Ferran oktyabr ayında da sağ budunun arxa hissəsindən əzələ zədəsi aldığı üçün təxminən bir ay komandasına kömək edə bilməmişdi.

Qeyd edək ki, “Barselona”da Torresdən başqa qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Andreas Kristensen və Hektor Fort, yarımmüdafiçi Mark Bernal, hücumçu Lamin Yamal da zədədən əziyyət çəkirlər.

Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Torres “blauqrana”nın heyətində 16 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 129 oyun, 30 qol, 15 məhsuldar ötürmə.

Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.

Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.

Torres bu il İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin o, yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.