“Ferrari”nin pilotu Lekleri qarət edənlərə ağır həbs cəzası

“Ferrari”nin pilotu Şarl Leklerin bahalı saatını oğurlamaqda əli olan cinayətkarlar ağır həbs cəzalarına məhkum ediliblər.

Arena.az bu barədə “F1 Insider” dərgisinə istinadən məlumat verir.

Qarətçilərdən iki kişi hər biri 10 il 8 ay həbs cəzası alıb. Selfi çəkdirmək bəhanəsi ilə əvvəlcə Leklerə yaxınlaşıb pilotu dayandırıb saxlamış zənən 6 il 5 ay müddətinə həbsə məhkum edilib.

Xatırladaq ki, ötən ilin aprelində İtaliyanın Viareco kurortunda Leklerin “Richard Mille”dən qiyməti 300 min avro məbləğində olan xüsusi saatı oğurlanmışdı. Motosiklet dəbilqəli iki qarətçi avtoyürüşçüyə yaxınlaşaraq, ondan selfi çəkdirməyi xahiş etmiş və Lekleri soymuşdular.

İtkini aşkar etmiş Lekler “Ferrari” avtomobilində soyğunçulara yetişməyə çalışsa da, o zaman cinayətkarlar əkilib aradan çıxa bilmişdilər. Göründüyü ki, canilər ədalətdən qaça bilməyiblər.