“Feyenoord” 16-cı dəfə Niderland çempionu oldu!

“Feyenoord” futbol üzrə Niderland çempionatında (Erediviziya) 2022/2023 mövsümün sonuna iki tur qalmış çempionluğu təmin edib. Arena.az xəbər verir ki, sözügedən komanda bu gün 32-ci tur çərçivəsində doğma meydanda “Qou Ehed İqlz” ilə qarşılaşıb.

Rotterdam təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edərək xallarının sayını 79-a çatdırıb. Sözügedən komanda sona iki tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır. İlk üçlüyü 64 xala malik “Alkmaar” qapayırsa, Niderland çempionatının ən titullu komandası olan “Ayaks” 63 xalla dördüncüdür.

Rotterdamlılar baş məşqçi Arne Slotun rəhbərliyi altında bu mövsüm keçirdikləri 32 oyundan 24-ündə qələbə qazanıblar. Cəmi bir məğlubiyyəti olan lider 7 oyunda da heç-heçəyə razılaşıb. Rəqib qapılarından 78 top keçirmiş yeni çempion özü 28 dəfə məyus olub.

Bu komandada Azərbaycan millisinin üzvü, Niderlandın “Eyndhoven” klubunda forma geyinən Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də forma geyinir. Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi həm də “Feyenoord”un kapitanıdır. 22 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 44 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, 115 yaşlı (klub 1908-ci ildə yaradılıb) “Feyenoord” tarixində 16-cı dəfə Niderland çempionu olur. Rotterdamlıların əvvəlki çempionluqlarının siyahısını təqdim edirik:

1923–24, 1927–28, 1935–36, 1937–38, 1939–40, 1960–61, 1961–62, 1964–65, 1968–69, 1970–71, 1973–74, 1983–84, 1992–93, 1998–99, 2016–17.

Rotterdam klubu çempionluq sayında üçüncü pillədə qərarlaşıb. Ən titullu “Ayaks” buna 36 dəfə nail olubsa, PSV 24 dəfə çempionluğu bayram edib.