Fidan Dəmirova “Gəncə”də – Rəsmi

Azərbaycan Yüksək Liqasında mübarizə aparan “Gəncə” klubu Gəncə voleybol məktəbinin yetirməsi Fidan Dəmirova ilə müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyinin tapşırığına əsasən, seleksiya işini uğurla davam etdirən məşqçilər korpusu yerli istedadlı yeniyetmə idmançıların məşqlərini izləməkdə davam edir. Fidan Dəmirova da həmin məşqlərdə fəallığı və gözəl oyunu ilə məşqçilərin diqqətini cəlb edib. Oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

“Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanov Fidan Dəmirovanın heyətə cəlb olunmasını yüksək qiymətləndirib. O, bu istiqamətdə istedadlı yerli voleybolçuların axtarışında olduqlarını bildirib:

“Gəncəli oyunçu ilə müqavilə imzalamaq çox sevindirici haldır. İnanıram ki, Fidan öz oyunu ilə həm azarkeşlərin, həm də gələcəkdə milli komandaların məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq. Baş məşqçimiz Sergey Çasnavitski Şəki və Tovuzda da seleksiya məşqlərini izləyib. Hazırda məşqçi ilə bu görüşlərlə bağlı müzakirələr aparırıq. Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və milli komandalar üçün perspektivli idmançılar hazırlamaqdır”.