FIDE-nin saytı Nicat Abbasov ilə bağlı yazı dərc etdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) rəsmi saytında Azərbaycan şahmatçısı Nicat Abbasov ilə bağlı yazı dərc edib.

Arena.az xəbər verir ki, yazıda 2023-cü ilin şahmat rekordlarına imza atan idmançıların fəaliyyətindən bəhs olunub.

Bildirilib ki, reytinq cədvəlində 206 oyunçu arasında 69-cu yeri tutan Nicat Abbasovun uğurlarına Makoto Rodvell (Zimbabve), Laurent Fressinet (Fransa), Qiri Aniş (Niderland), Pyotr Svidler (Rusiya), Salem Saleh (Birləşmiş Ərəb Əmirlikləri) və Vidit Santoş Qujrati (Hindistan) üzərində əldə etdiyi qələbələr daxildir.

Yarımfinalda 29 yaşlı şahmatçının Dünya Kubokunun qalibi norveçli Maqnus Karlsenə uduzması və üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşdığı vurğulanıb. Qeyd edilib ki, Fabiano Karuanaya birinci partiyada qalib gələn Nicat Abbasov ikinci hissədə uduzaraq turniri dördüncü yerdə başa vurub.

Lakin Maqnus Karlsenin İddiaçılar Turnirində iştirakdan imtina etməsi Nicat Abbasova möhtəşəm performansı ilə bu yarışa vəsiqə qazanmağa imkan verib.

Yazıda həmçinin qadınlar arasında rapid üzrə dünya çempionatının qızıl mükafatçısı rusiyalı Anastasiya Bodnaruk və qadınlar arasında Dünya kubokunun ikincisi bolqarıstanlı Nurgül Səlimovanın qazandığı nailiyyətlərdən bəhs olunub.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək. Turnirin qalibi hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşaraq şahmat tacı uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, reqlamentə əsasən Dünya Kubokunda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirində iştirakını təmin edirlər. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak etməyəcəyi ilə bağlı FIDE-yə rəsmi məktub göndərib. Ali şahmat qurumu İddiaçılar Turnirinə vəsiqəni Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutmuş Nicat Abbasova verib.