Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2023-cü ilin ən yaxşı oyunçusu adına namizədlərini açıqlayıb.
Arena.az məlumat verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi, PSJ-nin fransalı hücumçusu Kilian Mbappe və “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haland FIFA tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu adına iddialıdırlar.
Nailiyyətlərə gəlincə, Messi bu il karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. Eyni zamanda səsvermənin nəticələrinə görə Haland ikinci, Mbappe isə üçüncü olub.
Bu il “Leo” PSJ ilə Fransa çempionu olub, Fransa Super Kubokunu qazanıb və “İnter Mayami”nin ilk qənimətini – Liqa Kubokunu qazanmasına töhfəsini verib.
Mbappe də Fransa çempionatı və Super Kubokunu qazanıb. Eyni zamanda, Kilian Liqa 1-in ən yaxşı oyunçusu seçilib. O, həm də yarışın ən sərrast futbolçusu olub.
Erlinq Haland isə “Mançester Siti” ilə birlikdə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. O, həmçinin UEFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.



