FIFA-dan Premyer Liqa klubuna sərt cəza

FIFA İngiltərənin “Lids Yunayted” klubuna sabiq futbolçusu Jan-Kevin Auqustinlə müqaviləni haqsız ləğv etdiyi üçün sərt cəza verib. Arena.az xəbər verir ki, bu barədə dünyanın ən ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

FIFA İngiltərə Premyer Liqasında mübarizə aparan bu kluba 24.5 milyon avro cərimə kəsib. Elitada qalmaq uğrunda mübarizə aparan komandadan fransız oyunçuya olan bütün borclarını ödəməsi tələb edilib.

Xatırladaq ki, Jan-Kevin Auqustin “Lids Yunayted”ə 2020-ci ilin yanvarında Almaniyanın “Leypsiq” klubundan icarə əsasında keçib. İngiltərə klubu həmin ilin iyulunda 21 milyon avro ödəyərək onun transfer hüquqlarına da yiyələnib. Lakin cəmi 3 ay sonra – otkyabrda Premyer Liqa klubu Haiti əsilli hücumçu ilə müqaviləyə təktərəfli olaraq xitam verib.

Auqustin İngiltərə klubundan ayrılandan sonra ölkəsinə qayıdaraq “Nant”ın uğurları üçün çalışmağa başlayıb. O, 2022-ci ilin yayından İsveçrənin “Bazel” komandasında forma geyinir.

PSJ-nin yetirməsi olan 25 yaşlı futbolçu, vaxtilə Paris təmsilçisinin də əsas komandasında forma geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Lids Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında 30 oyuna 29 xal toplayıb. Komanda 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: