FIFA “Srvena Zvezda” azarkeşlərinin hərbi cinayətkar, Serbiyanın sabiq generalı Ratko Mladiçlə bağlı şüarlar səsləndirməsinə biganə qalmayıb. Arena.az xəbər verir ki, Serbiya klubu ölkə çempionatı çərçivəsində aprelin 10-da “Radniçki” ilə mövsümün son matçını azarkeşsiz keçirməli olacaq.
Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, bununla bağlı dünyanın ali futbol qurumu Serbiya Futbol Federasiyası qarşısında tələb irəli sürüb. Çempionluğu bir neçə tur öncədən təmin etmiş paytaxt klubu bu uğurunu məhz “Radniçki” ilə ev oyunundan sonra, tərəfdarları ilə birgə qeyd etməyə hazırlaşırdı. Lakin əvvəlki ev oyunlarında azarkeşlərin Ratko Mladiçlə bağlı şüarlar səsləndirməsi klubu çətin vəziyyətdə qoyub. FIFA tərəfindən nəzarətə götürülən bu hadisəyə görə klub cəzalandırılıb. Bir sözlə, “Srvena Zvezda” növbəti çempionluğunu azarkeşlərsiz bayram etməli olacaq.
Xatırladaq ki, “Srvena Zvezda” bu mövsüm ölkə çempionatında keçirdiyi 29 oyunda məğlubiyyət üzü görməyib. 25 qələbə qazanmış komanda cəmi 4 oyunda heç-heçə edib. Hazırda 79 xalı olan Belqrad təmsilçisi 79 qol vurduğu halda öz qapısından 14 top çıxarıb.
1945-ci ildə yaradılmış “Srvena Zvezda” klubunun 78 yaşı var. Belqrad təmsilçisi ölkənin ən titullu komandasıdır. Bu klub indiyə qədər 33 çempionluq qeyd edib. Bumövsümkü çempionluq isə tarixə sayca 34-cü zəfər kimi düşəcək. Bu baxımdan “Srvena Zvezda”nın ən yaxın izləyicisi əzəli rəqibi “Partizan”dır – 27 çempionluq.
Ratko Mladiç kimdir?
“Serb qəssabı” ləqəbli general Mladiç, Serbiya Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən keçmiş qərargah rəisidir (1992–1995). O, 12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub. 1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunub. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülüb. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunub.
Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. 2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunub. Serbiyada böyük əksəriyyət onu ölkənin qəhrəmanı hesab edir.



