FIFA DÇ-2026-nın final oyununu qəbul edəcək stadionu açıqladı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının final oyununun keçiriləcəyi stadionu açıqlayıb.

Arena.az bu barədə FIFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

2026-cı il dünya çempionatının final oyunu Nyu-Cersi ştatı, Nyu-York şəhərindəki “Metlayf-stedium”da keçiriləcək.

Final oyunu iyulun 19-da baş tutacaq. Stadionun özü 82,5 min azarkeş tutumuna malikdir. Bundan əlavə, bürünc medal uğrunda mübarizənin Mayamidə, 64,767 tamaşaçı tutumuna malik “Hard Rok Stedium”da oynanılacağı açıqlanıb.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın ümumilikdə 16 şəhərində keçiriləcək. Turnirin oyunlarına Meksikanın Mexiko, Qvadalaxara, Monterrey, Kanadanın Toronto, Vankuver, ABŞ-ın Nyu-York, Filadelfiya, Boston, Atlanta, Mayami, Hyuston, Dallas, Los-Anceles, San-Fransisco, Kanzas-Siti və Sietl şəhərləri ev sahibliyi edəcəklər. Bu dünya çempionatı həm də 48 komandanın iştirak edəcəyi ilk yarış olacaq. Ümumilikdə yarış çərçivəsində 104 oyun keçiriləcək.