FIFA Fələstinin tələbi ilə bağlı iclası yenidən təxirə saldı

FIFA Fələstin Futbol Assosiasiyasının (PFA) İsrailə qarşı tələbini nəzərdən keçirmək üçün iclasını yenidən təxirə salıb.

Arena.az xatırladır ki, söhbət Qəzzada yaranmış hərbi vəziyyətlə əlaqədar Fələstin Futbol Assosiasiyasının İsrailin milli komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı tələbindən gedir.

“Reuters” agentliyinin məlumatına görə, avqustun 30-da dünyanın ali futbol qurumu bu məsələ ilə bağlı iclasın indi oktyabr ayına təyin edildiyini bildirib.

Fələstin Futbol Assosiasiyası İsrailin FIFA-dakı fəaliyyətinin dayandırılması ilə bağlı ilk təklifini hələ may ayında təqdim etmiş, qurum isə buna təcili surətdə hüquqi qiymət verilməsini əmr etmişdi. İyul ayında şuranın fövqəladə iclasında bu məsələyə baxacağı haqda ali futbol qurumu “yağlı vəd” vermişdi. Qurum ötən ay bildirmişdi ki, hüquqi qiymət avqustun 31-dək FIFA Şurasına təqdim ediləcək.

İndi isə ali futbol qurumu belə bir vəd verib:

“FIFA Fələstin Futbol Assosiasiyasının İsrailə qarşı təkliflərinə müstəqil hüquqi qiymət verib. Bu qiymətləndirmə, bu məsələnin oktyabrda baş tutacaq növbəti iclasında müzakirə edilməsi üçün baxılması məqsədilə FIFA Şurasına göndəriləcək”, – FIFA-nın rəsmi bəyanatında deyilir.
Öz növbəsində bir çox müstəqil təhlilçilər FIFA-nı siyasi hadisələrin gedişinə münasib nöqteyi-nəzərdən mövqe tutmaqda ittiham ediblər. Belə ki, ali futbol qurumunun mövqeyi vaxt uzadılması və “yolavermə” xüsuslu tədbirlərə daha çox bənzəyir.

Xatırladaq ki, Yaxın Şərqdə Fələstin və İsrail arasında gərgin münasibətlər hərbi əməliyyatlar müstəvisinə keçib. Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib. Həmin gündən bəri sözügedən bölgədə mütəmadi olaraq şiddətli döyüşlər gedir. Nəticədə Fələstinin dinc sakinləri həlak olurlar.