FIFA prezidenti futbolda irqçiliyə qarşı sərt həll təklif etdi

FIFA prezidenti Canni İnfantino azarkeşləri irqçilik nümayiş etdirmiş komandaya dərhal məğlubiyyət verilməsi ilə bağlı çağırış edib.

Arena.az məlumat verir ki, İnfantino Udinede baş vermiş irqçi biabırçılıq mənzərəsində özünün sosial şəbəkə hesabı üzərindən bu barədə yazı dərc edib:

“Şənbə günü Udinedə baş vermiş hadisələr iyrəncdir və tamamilə qəbuledilməzdir. İstər futbolda, istərsə də cəmiyyətdə irqçiliyə və digər ayrı-seçkiliyə yer yoxdur. Şənbə günü baş vermişlərdən təsirlənmiş futbolçulara tam dəstəyim var. Məktəblərdə təhsildən başlayaraq bütün maraqlı tərəflərin hərəkətə keçməsi gərəkdir ki, gələcək nəsillər bunun futbol və cəmiyyətin bir hissəsi olmadığını başa düşsünlər.

Azarkeşləri irqçilik nümayiş etdirərək oyunun ləğvinə səbəb olmuş komandaya dərhal məğlubiyyət təqdim etməliyik”, – FIFA prezidenti irqçiliyə qarşı sərt mövqeyini ortaya qoyb.

Xatırladaq ki, İtaliya A Seriyasının 21-ci turu çərçivəsində keçirilmiş “Udineze” – “Milan” oyununda yerli azarkeşlər qonaqların fransalı qapıçısı Mayk Menyanı irqi zəmində təhqir ediblər. Həmin oyunda Menyan “Udineze” azarkeşləri tərəfindən irqi zəmində çoxsaylı təhqirlərə məruz qalıb. Hakimi baş verənlərdən xəbərdar etmiş Menyan meydanı tərk edərək tribunalaraltı məkana yollanıb. Daha sonra o, çoxsaylı xahişlərin ardından komanda yoldaşlarının da dəstəyi altında oyuna qayıdıb. Menyanın komandası məhsuldar keçən bu oyunun sonunda 3:2 hesablı qələbəyə sevinib.

Baş vermiş hadisə İtaliya mətbuatında və İtaliya futbolunun yuxarı dairələrində böyük əks-sədya səbəb olub. Hazırda bu məsələ üzrə araşdırmalar aparılır. İntizam komitəsinin cəzalar tətbiq edəcəyi vurğulanır.