FIFA prezidenti: “Məşqçilər VAR-dan kömək istəyə biləcəklər”

FIFA prezidenti Canni İnfantino bildirib ki, təşkilat məşqçilərə VAR-ın nəzərdən keçirilməsini tələb etməyə icazə verməyi planlaşdırır.

Arena.az məlumat verir ki, bu barədə İnfantino FIFA-nın Tailandın paytaxtı Banqkokda keçirilmiş 74-cü Konqresində bildirib:

“Daha çoxyönlü VAR texnologiyası yaradılıb, daha az kamera var və oyunlarda çoxlu sayda hakimə ehtiyac yoxdur. Beləliklə, sistem hər kəs üçün daha da əlçatan olacaq.

Məşqçilər VAR-dan iki dəfə kömək istəyə biləcəklər. Futbolçular bu barədə məşqçidən xahiş edə bilərlər. Hakimin ilkin qərarı dəyişdirilərsə, məşqçilər sorğu vermək imkanını itirməyəcək və iki dəfə videobaxış tələb edə biləcəklər”, deyə FIFA prezidenti vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqa klublarının gələn mövsümdən etibarən VAR-ın ləğvinə səs verəcəyi məlum olub. Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib – ölkə klubları VAR-ın tətbiq edilməsindən imtina ediblər. UEFA nizamnaməsinə görə, ölkələr öz daxili yarışlarını VAR-la və ya VAR-sız keçirməyə özləri qərar verirlər.