Fil Cons “Mançester Yunayted”dən ayrılacaq – Rəsmi

Futbol üzrə İngiltərə milli komandasının mərkəz müdafiəçisi Fil Cons cari mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacaq. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyəcək. “Qırmızı şeytanlar” təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayııb. Azad agent statusu alacaq ingilis müdafiəçi yayda istədiyi komandaya keçə biləcək.

Xatırladaq ki, Fil Cons 2011-ci ilin iyul ayında “Bləkbörn” klubundan 19.3 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçmişdi. Dayaq yarımmüdafiəçisi kimi də oynaya bilən futbolçu bu komandada bütövlükdə 229 oyuna çıxıb. O, bu matçlarda 6 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi vaxtilə “Bləkbörn”də də 40 matça çıxıb.

Cons İngiltərə milli komandasında 27 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: