Fil Foden əməliyyat olundu – Bir ay oynamayacaq

Futbol üzrə İngiltərə milli komandasının və “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden əməliyyat olunub. Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar milli komandanın düşərgəsində olan futbolçunun səhhətində problem yaranıb.

Kəskin ağrılar hiss etməyə başlayan futbolçu dərhal xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra 22 yaşlı vinger kor bağırsağından əməliyyat olunub. Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Xatırladaq ki, Fil Foden AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində səfərdə İtaliyaya 2:1 hesabıyla qalib gəldikləri matçın 69-cu dəqiqəsində meydana buraxılmışdı. Lakin o, 81-ci dəqiqədə əvəzlənmişdi. Məhz səhhətindəki problem səbəbindən futbolçu ötən gecə doğma meydanda Ukraynaya 2:0 hesabıyla qalib gəldikləri matçın iştirakçısı ola bilməyib. Futbolçu qarşıdakı oyunlarda “Mançester Siti”yə də kömək edə bilməyəcək.

Foden bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlər çərçivəsində 36 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Mançester təmsilçisinin öz yetirməsi olan ingilis yarımmüdafiəçi əsas komandada bütövlükdə 205 oyun keçirib. O, bu matçlarda 58 qol vurubsa, 39 qolda da məhsuldar ötürmə müəllifi olub. 2020-ci ilin sentyabrında İngiltərə milli komandasında debüt etmiş Foden, yığmada 23 oyun keçirib, 3 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: