Çempionlar Liqasının 1/8 finalında “Kopenhagen”ə qarşı ilk oyun (3:1) “Mançester Siti”nin ingilis sağ vineri Fil Foden üçün əlamətdar olub.
Arena.az “Opta” statistik internet portalına istinadən məlumat verir ki, Foden Çempionlar Liqasında 50 oyunda meydana çıxmış ən gənc ingilis futbolçu kimi tarixə düşüb – 23 yaş 261 gün.
Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fil “şəhərlilər”in heyətində 36 oyuna çıxıb, 15 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 253 oyun, 75 qol, 51 məhsuldar ötürmə.
Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.
Fil Foden 2020-ci ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 31 oyuna 4 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Fil İngiltərənin U-17 yığması ilə 2017-ci il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 110 milyon avro məbləğindəq qiymətləndirir.


