Filip Benkoviç rəsmən “Trabzonspor”da

İtaliyanın “Udineze” klubunun xorvat mərkəz müdafiəçisi Filip Benkoviç Türkiyə təmsilçisi “Trabzonspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Trabzonspor” 25 yaşlı futbolçunu İtaliya klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Anlaşmaya görə, icarə haqqı olaraq “Udineze”yə 500 min avro ödəniləcək. Türkiyə klubu mövsümün sonunda satınalma şərtindən istifadə etsə də, A Seriyası təmsilçisinə əlavə 2,5 milyon avro ödəyəcək. Futbolçu özü 2023/2024 mövsümündə 1,1 milyon avro qazanacaq.

Birdəfəlik transfer olunacağı halda isə onunla 2+1 illik müqavilə imzalanacaq. Belə olsa, Benkoviç “Trabzonspor”da 2024/2025 mövsümündə 1,2 milyon, 2025/2026 və 2026/27 mövsümlərində isə 1,3 milyon avro məvacib alacaq.

Xatırladaq ki, Filip Benkoviç “Udineze”yə 2022-ci ilin yanvarında qoşulsa da, bu komandada cəmi 2 matça çıxıb. Müdafiəçi ötən mövsümü icarə əsasında “Ayntraxt” (Braunşveyq) komandasında keçirib. Zaqreb “Dinamo”sunun yetirməsi “Lester Siti”, “Seltik”, “Bristol Siti”, “Kardiff Siti” və “Leuven” kimi klublarda da çıxış edib. O, Xorvatiyanın əsas millisində 1 oyun keçirib.

“Udineze”də 3 ayrılıq, 1 yeni müqavilə, 3 yeni futbolçu

“Udineze” braziliyalı hücumçusu Mateus Martinsi də İngiltərənin “Uotford” klubuna icarəyə verib. 19 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Fluminense”nin yetirməsi “Udineze”yə bu ilin yanvarında transfer olunmuş və dərhal “Uotford”a icarəyə verilmişdi.

“Udineze” argentinalı yarımmüdafiəçi Roberto Pereyra ilə də yollarını ayırıb. 32 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib. O, 2015-ci ildən formasını geyindiyi İtaliya klubunda 200 oyuna çıxıb, 23 qol və 33 assist müəllifi olub. Pereyra “Uotford”, “Yuventus” və “River Pleyt”də də oynayıb, Argentina yığmasında 19 oyuna 2 qol vurub.

“Udineze” hücumçusu Kristo Qonsaleslə də vidalaşıb. 25 yaşlı ispan Portuqaliyanın “Aroka” klubuna transfer olunub. “Real” (Madrid), “Tenerife”, “Sportinq” (Xixon), “Valyadolid”, “Hueska”, “Mirandes” kimi klubların da formasını geyinmiş hücumçu 2019-cu ildən qoşulduğu İtaliya klubunda cəmi 2 matça çıxıb.

“Udineze” qapıçısı Daniele Padelli ilə də yeni müqavilə bağlayıb. 37 yaşlı qolkiperlə 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. İtaliyalı futbolçu bu komandada 17 oyun keçirib. O, “Torino”, “Perqoletteze”, “Avellino”, “İnter”, “Piza”, “Bari”, “Krotone”, “Liverpul” kimi klublarda da forma geyinib.

“Udineze” heyətini yeni futbolçularla da gücləndirib. A Seriyası təmsilçisi “Atletik”dən Oyer Sarraqanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, Bilbao təmsilçisində 72 oyun keçirib, 2 qol və 1 assistlə yadda qalıb.

Udinelilər “Uotford”dan Dominqos Kinanı, “Piza”dan isə Lorentso Lukkanı da icarəyə götürüblər. Hər iki futbolçu qarşıdakı mövsümün sonunadək bu klubda icarə əsasında forma geyinəcəklər.