“Filip Foden heyrətamiz oyunçudur” – Xosep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının futbolçusu Filip Foden haqqında danışıb, ona tərif yağdırıb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis yetirməsinin İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Yunayted”lə derbidə (3:1) çıxışına belə şərh verib.

“Gördüyü işlərin həcmini nəzərə alsaq, hazırda o, Premyer Liqanın ən yaxşı oyunçusudur. O, heyrətamizdir”, deyə “Pep” vurğulayıb.

İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz da Filip Foden və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın oyununu müqayisə edib:

“Fil” bu mövsüm oyununu başqa səviyyəyə qaldırdı. Onun hələ 23 yaşı var, amma çox şeyə nail ola bilər. O, Lemparddan daha yaxşı futbolçudur. Bununla belə, Frenk yarımmüdafiənin mərkəzində oynamaqla qollar vurmağı və klubuna çempionluq qənimətləri gətirməyi bacarırdı”, deyə Skoulz vurğulayıb.

Fil Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fil “şəhərlilər”in heyətində 40 oyuna çıxıb, 18 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 257 oyun, 78 qol, 51 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 31 oyuna 4 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Fil İngiltərənin U-17 yığması ilə 2017-ci il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 110 milyon avro məbləğindəq qiymətləndirir.