Filip Foden – Premyer Liqada mövsümün ən yaxşı oyunçusu!

“Mançester Siti”nin ingilis sağ vingeri Filip Foden İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə Foden 34 oyunda iştirak edib, 17 qol vurub, 8 məhsuldar ötürmə verib.

Fodenin mükafat uğrunda mübarizədə Erlinq Haland (“Mançester Siti”), Aleksander İsak (“Nyukasl”), Martin Edeqor (“Arsenal”), Koul Palmer (“Çelsi”), Deklan Rays (“Arsenal”), Vircil van Deyk (“Liverpul”) və Oli Uotkinsi (“Aston Villa”) üstələyib.

Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 25 qol vurub, 11 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 268 oyun, 85 qol, 52 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 4 top keçirib, həmçinin 8 məhsuldar ötürmə ilə fərqlənib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.