İtaliyanın “Yuventus” klubunun serbiyalı yarımmüdafiəçisi Filip Kostiç bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Türkiyə klubu serb oyunçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Keçidin maddi detalları açıqlanmır.
Filip Kostiç Serbiyanın “Radniçki” klubunun yetirməsidir. “Qroningen”, “Ştutqart”, “Hamburq”, “Ayntraxt” kimi klubların da şərəfini qorumuş 31 yaşlı vinger “Yuventus”a 2022-ci ilin avqustunda 14,7 milyon avro qarşılığında keçmişdi. O, Turin klubunun heyətində 87 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Kostiç 2015-ci ilin iyununda debüt etdiyi Serbiya yığmasında 64 oyun keçirib, 3 qol vurub, 12 assist edib.
“Fənərbaxça”da 2 ayrılıq, 2 icarə
“Fənərbaxça” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Bosniya və Herseqovinadan olan dayaq yarımmüdafiəçisi Rade Kruniç Serbiyanın “Srvena Zvezda” klubuna keçib. Transferin detalları və müqavilənin müddəti açıqlanmayıb.
Kruniç bu ilin yanvarında “Milan”dan icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Bu yay isə Türkiyə klubu 3,5 milyon avro ödəməklə onun transfer hüquqlarını da almışdı. Rade “Fənərbaxça”da 22 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Milan”, “Empoli”, “Dini Srem”, “Boraç”, “Sutyeska” kimi klublarda da oynamış dayaq yarımmüdafiəçisi, Bosniya və Herseqovina yığmasında 34 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı mərkəz müdafiəçisi Luan Peres də “Fənərbaxça”nı azad agent kimi tərk edərək vətəninə dönüb. O, bundan sonra sabiq komandası “Santos”un uğurları üçün çalışacaq. 30 yaşlı müdafiəçi Braziliya klubu ilə 2027-ci ilin 31 dekabrına qədər anlaşıb.
“Fənərbaxça” Luan Peresi 2022-ci ilin iyul ayında Fransanın “Olimpik” (Marsel) klubundan 5,23 milyon avro müqabilində heyətinə qatmışdı. Müdafiəçi bu komandanın heyətində 23 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
Luan Peres daha öncə “Santos”, “Olimpik” (Marsel), “Ponte Preta, “Santa Krus, “Zalsburq”, “Fluminense”, “Brügge” və “Portuqesa” kimi klublarda da forma geyinib.
“Fənərbaxça” iki oyunçusunu da icarəyə verib. 21 yaşlı misirli mərkəz müdafiəçisi Omar Fayed Belçikanın “Birşot” klubuna keçib. 18 yaşlı qapıçı Furkan Akyüz isə “Fatih Karagümrük” klubuna üz tutub. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaqlar.