Filip Marxvinski “Leççe”də – “Lex”in qazancı…

Polşa milli komandasının və Poznan “Lex”inin hücumameyilli yarımmüdafiəçisi Filip Marxvinski bundan sonra “Leççe”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi bu keçidə görə “Lex”ə 3 milyon avro ödəyib. 22 yaşlı polşalı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Filip Marxvinski “Lex”in yetirməsidir. O, sözügedən klubun əsas komandasında 166 oyuna çıxıb, 28 qol və 11 assistlə yadda qalıb.

Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Marxvinski, 2023-cü ilin oktyabr ayında əsas millidə debüt edib. O, yığmanın heyətində hələlik 2 oyuna çıxsa da, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

“Leççe”nin dayaq yarımmüdafiəçisi Aleksis Blin isə “Palermo”ya keçib. A Seriyası təmsilçisi fransalı futbolçusunun satışından 1,5 milyon avro qazanıb. 27 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Aleksis Blin Fransanın “Le Man” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza” və “Amyen” kimi klubların da formasını geyinib.

“Leççe” Aleksis Blini 2021-ci ilin iyul ayında “Amyen”dən 300 min avro müqabilində heyətinə qatmışdı. Yarımmüdafiəçi İtaliya klubunun heyətində 97 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Blin Fransanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.