Futbol üzrə Çexiya milli komandasının sol cinah müdafiəçisi Filip Novak Türkiyənin “Fənərbaxça” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda davam etdirəcək. Onun yeni komandasında 57 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.
Xatırladaq ki, Novak bu ilin yanvarında “Sivasspor”la oyunda ağır zədə almışdı. O, bu üzdən uzun müddət idi komandaya kömək edə bilmirdi. Təcrübəli futbolçu bu mövsüm yenidən sıraya dönsə də, əsas heyət oyunçusu hesab olunmurdu.
Filip Novak 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul klubunda 51 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi daha öncə Türkiyədə “Trabzonspor”un da uğurları üçün çalışır. Novak “Jlin”, “Yablonets” və “Midtyulland” kimi klubların da formasını geyinib. O, Çexiya milli komandasında 27 oyuna çıxıb, 2 qol vurub.