Filip Ozobiç Azərbaycan çempionatında ilkə imza atdı

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 18-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən futbolçu “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.

Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.

Filip Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk legioner əsilli futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.

Ümumilikdə isə Filip üç və ya daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord isə Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov dörd klubda, 11 oyunçu isə üç komandada belə məhsuldarlıq göstərib.

Xatırladaq ki, Filip Ozobiç 2023-cü ilin iyun ayında “Qarabağ”dan azad agent kimi ayrılaraq “Neftçi”yə keçib. Əslən Xorvatiyadan olan 32 yaşlı futbolçunun “ağ-qaralar”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Ozobiç paytaxt klubunun heyətində meydana çıxdığı 49 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə verib.

Ozobiç 2018-ci ilin iyul ayından “Neftçi”yə keçənə qədər də “Qarabağ”ın uğurları üçün çalışıb. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 151 matça çıxıb, 42 qol vurub və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi “Qarabağ”dan öncə iki il “Qəbələ”nin də formasını geyinib (70 oyun, 24 qol və 10 məhsuldar ötürmə).

Milli komandamızın sabiq üzvü “Slaven” (Belupo), “Spartak” (Moskva), “Hayduk” (Split) kimi klubların da uğurları üçün çalışıb.

Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, yığmamızın heyətində 15 oyun keçirib, 1 qol vurub.