Liqa 1-də o qədər də uğurlu mövsüm keçirməyən “Monako” belçikalı baş məşqçisi Filipp Kleman ilə əməkdaşlığına xitam verib.
Arena.az bu barədə knyazlıq klubunun rəsmi saytına istinadən xəbər verir.
Kleman kluba 2022-ci ilin yanvarında gəlib və xorvat baş məşqçi Niko Kovaçı əvəzləyib. Güman edilir ki, mütəxəssisin istefa qərarına səbəb mövsümün yekunlarına əsasən, “Monako”nun Liqa 1-də 6-cı yeri tutaraq avrokuboklara çıxa bilməməsidir.
Klemanın mümkün varisləri arasında “Zalsburq”un çalışdırıcısı Mattias Yaysle və Cessi Marşın adı çəkilir.
Vurğulayaq ki, “Monako” rəhbərliyi Marşın namizədliyini hələ o vaxt, Niko Kovaçın istefasından sonra nəzərdən keçirmişdi.
Filipp Kleman “Monako”nu ilyarım ərzində bütövlükdə 73 matça çıxarıb. Komanda bu oyunlarda 37 qələbə, 15 heç-heçə və 21 məğlubiyyət görüb.
Belçikadan olan 49 yaşlı mütəxəssis daha öncə “Brügge”, “Genk” və “Vasland-Beveren” kimi komandalara da rəhbərlik edib.